CƏMİYYƏT
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola salınıblar
Bakı, 26 mart, AZƏRTAC
Martın 26-da Nərimanov rayonunun orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 30-a yaxın şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola salınıblar.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bu tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsində önəmini vurğulayıb. Bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Səfər çərçivəsində məktəblilər Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, qədim abidələri ilə tanış olacaq, geniş məlumat əldə edəcəklər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev və rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın məktəblilərin hərtərəfli inkişafında önəmindən bəhs ediblər. Məktəblilərə layihə çərçivəsində keçiriləcək yarışlarda, viktorinalarda fəal olmaq tövsiyə edilib.
Sonra məktəblilər Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüblər.