CƏMİYYƏT
Nərimanov rayonunda Ulu Öndərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib
Bakı, 9 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Bakının Nərimanov rayonunun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə aksiyası keçirilib. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən sağlam və təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.
Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin deputatlarının, rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək, burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, ərazidə Leylanda və müxtəlif növ digər ağac və kollar əkilib.