CƏMİYYƏT
Nərimanov rayonunda iki gecə klubunda karantin rejiminin pozulması faktları aşkarlanıb
Bakı, 3 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nərimanov rayonundakı “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkarlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
“İnfiniti” gecə klubunun rəhbərləri – Samiq Babayev, Jamal Nasser və “Extra” gecə klubunun rəhbərliyindən Dilsuz Dəmirçiyev və Əmrah Yusifov həbs olunublar.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.