ELM VƏ TƏHSİL
Nəsimi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasıdır
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və tərcümə fakültəsinin təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova Nəsiminin Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu diqqətə çatdırıb. Dekan bildirib ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairin yaradıcılığına ulu öndər Heydər Əliyev həmişə yüksək qiymət verib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu isə Nəsiminin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, bu böyük söz sahibinin zəngin ədəbi irsindən danışıb, şairin dillər əzbəri olan “Sığmazam” qəzəlini təhlil edib.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Babayev və digər çıxış edənlər Nəsimi yaradıcılığı barədə fikirlərini bölüşüblər.