MƏDƏNİYYƏT
Nəsimi Festivalı çərçivəsində Şamaxıda “Həssas dəb” dəfiləsi keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Şərqin dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunmuş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şamaxı rayonunun Meysəri kəndində “Həssas Dəb” Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı olub.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 27-dən 30-dək təşkil olunan festival Azərbaycanda ilk dəfədir keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalın qonaqları və iştirakçılarına dəfilə təqdim edilib. Qeyd edək ki, layihə çərçivəsində “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edir. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunur, Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentlərlə bəzədilmiş libaslar nümayiş etdirilir.
Qeyd etmək lazımdır ki, etik dəb və xüsusilə eko-dəb artıq uzun zamandır təmiz mühit üçün səy göstərən bir çox moda evlərinin inkişaf etdirdiyi populyar istiqamətlərə çevriliblər. Etik dəb məfhumu üzvi və təkrar emal materiallarından geyim istehsalı, həmçinin bütün istehsal prosesində iştirak edən işçilərə sosial cəhətdən məsuliyyətli yanaşma ilə əlaqəlidir.
Festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub. Genişmiqyaslı tədbirin proqramına müxtəlif incəsənət növləri və bilik sahələri daxildir. Layihə beynəlxalq miqyasda – müasir cəmiyyətdə mənəviyyatı tərənnüm edən dünya şöhrətli ifaçıların, filosofların, alimlərin, habelə bu sahədə həvəskar gənclərin, o cümlədən interaktiv formatda geniş tamaşaçı kütləsinin iştirakı ilə keçirilir.