ELM VƏ TƏHSİL
Nəsimi - Şərq fəlsəfi şeirinin şahı
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Tibb Universitetinin əsaslı kitabxanasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC- a bildiriblər ki, tədbirdə kitabxananın direktoru Ziyafət Eminova Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. O, “Nəsimi ili” ilə bağlı silsilə tədbirlərin təkcə ölkəmizdə deyil, həmçinin ölkə hüdudlarından kənarda da geniş şəkildə qeyd edildiyini, Nəsimi irsinə və yaradıcılığına ümummilli lider Heydər Əliyevin də layiqli qiymət verdiyini bildirib.
Professor Fəxrəddin Məmmədov dahi şairin siyasi və ədəbi fəaliyyətinə dair ətraflı məlumat verib. F.Məmmədov deyib: “Şairin müasirləri və ondan sonrakı ədiblər həmişə Nəsimi haqqında yüksək fikirdə olublar. Onu Şərq fəlsəfi şeirinin şahı adlandırıblar. Mən isə təkcə Şərqi deyil, Avropanı da bura əlavə etmək istərdim. Həmin dövrdə şeirlə Nəsimi qədər fəlsəfənin yüksək zirvəsini fəth edən nə Avropada, nə də Şərqdə olub.
Professorlar İbadulla Ağayev, Qoşqar Əliyev və başqaları Nəsimi şəxsiyyəti və yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxunublar. Natiqlər Azərbaycanda deyil, həmçinin ölkəmizdən kənarda şair haqqında yazılan əsər və məqalələrlə bağlı tədbir iştirakçılarına geniş məlumat veriblər.
Sonra kitabxananın əməkdaşları Nəsiminin şeirlərindən nümunələr söyləyiblər.