ELM VƏ TƏHSİL
“Nəsimi ili” ədəbiyyatımızın və dilimizin daha dərindən tədqiqinə geniş imkanlar açır
Bakı, 2 fevral, İbrahim Əsədov, AZƏRTAC
Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını, şeir dilini yüksək zirvəyə qaldıran böyük mütəfəkkirlərdən biri də İmadəddin Nəsimidir. Şairin irsinin sistemli şəkildə öyrənilməsi ötən əsrin 70-ci illərindən başlayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində mühüm hadisəyə çevrilib. Ümummilli Liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi şairin irsinə, eləcə də Azərbaycan ədəbiyyatına böyük diqqət və qayğının göstəricisidir.
Bu fikirləri Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı Elçin Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib. Dekan qeyd edib ki, Nəsimi yaradıcılığı Azərbaycan poeziyası ilə yanaşı, dilçilikdə, ədəbi dilin inkişafında, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişaf mərhələlərinin öyrənilməsində mühüm mərhələdir. Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu mərhələdə Nəsimi irsi önəmli rol oynayır. Onun ana dilində yazdığı şeirlər ədəbi dilin inkişafına, üslubi cəhətdən zənginləşməsinə gətirib çıxarıb. Bu baxımdan, XIV-XV əsrlər Azərbaycan ədəbi dili Nəsimi mərhələsi kimi öyrənilməli, Nəsimi yaradıcılığına təkcə ədəbiyyat yönündən deyil, ədəbi dilin inkişafı baxımından da yanaşılmalıdır.
E.Məmmədov vurğulayıb ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı həm ədəbiyyatımızın, həm də dilimizin daha dərindən tədqiq və təbliğ edilməsi üçün geniş imkanlar açacaq.