CƏMİYYƏT
Nəsimi rayon məktəblilərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil olunub
Bakı, 19 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü münasibətilə Nəsimi rayon məktəblilərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil olunub.
AZƏRTAC Nəsimi Rayon Gənclər və İdman İdarəsinin saytına istinadla xəbər verir ki, muzeydə şagirdlər Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla, mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları ilə yaxından tanış olublar.
Sonra şagirdlər Hacı Zeynalabdin Tağıyevin həyatını və fəaliyyətini əks etdirən fotoşəkillər, tarixi sənədlər, ona məxsus ev əşyaları, indiyədək qorunub saxlanılan iş otağı və kitabxanası ilə də tanış olublar.
Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən eksponatlarla tanışlıq şagirdlərdə tarix elmi haqqında biliklərin daha da möhkəmlənməsinə səbəb olacaq.