CƏMİYYƏT
Nəsimi rayonunda abadlıq və quruculuq işləri aparılır
Bakı, 23 iyul, AZƏRTAC
Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarını səmərəli keçirməsi üçün yeni guşələr yaradılır, uzun illər baxımsız qalan parklarda yenidənqurma işləri görülür, “Abad həyət” layihəsi çərçivəsində məhəllə və həyətlərdə, yaşayış binalarında əsaslı təmir işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Mir Cəlal küçəsi 54 və 56, Cavadxan küçəsi 31, 64 və 66 və H.Seyidzadə küçəsi 1A və 2 ünvanlarında hündürmərtəbəli, çoxsaylı yaşayış binalarının fasadları, eyvan və damları əsaslı təmir olunub. Əhalinin ümumi istifadəsində olan, binaların həyətlərində özbaşına zəbt edilən ərazilərdə çəpərlər sökülərək təmizlik və səliqə-sahman işləri aparılıb.
H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında iki “Abad həyət” sakinlərin ixtiyarına verilib. Həmin ünvanlarda 4 bloklu, 60 mənzilli, beşmərtəbəli iki binanın fasadı, dam örtüyü əsaslı təmir edilib, binanın blok girişləri, qapı və pəncərələri dəyişdirilib.
Hazırda 4-cü mikrorayon ərazisində yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir. Bağçanın fasadı və dam örtüyü yenilənir, müasir uşaq əyləncə qurğuları və avadanlıqları, söhbətgahlar qurulur.
Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün baxımsız vəziyyətdə olan 1 hektardan artıq sahə abadlaşdırılıb, yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə rayonun ərazisində Yusif Səfərov küçəsinə paralel iki hərəkət zolağına malik 12 metr enində yeni yol salınıb, piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçənin hər iki istiqamətində 1,5 metr enində səki daşları döşənib.
Sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu uşaqlar üçün təhsil müəssisələrindən olan 268 saylı xüsusi məktəbdə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.
Rayonun 28 May küçəsi 40 və 60, Azadlıq prospekti 14, Fikrət Əmirov küçəsi 12 və 13, Xaqani küçəsi 65 ünvanlarında yerləşən və Nizami küçəsində 10-dan artıq binada qeyri-yaşayış sahələri və yüksəkmərtəbəli, çoxsaylı yaşayış binalarının fasadları, dam örtükləri və eyvanları əsaslı təmir edilib, bloklara giriş qapıları qoyulub, pəncərələr dəyişdirilib.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.