İQTİSADİYYAT
Nəsimi rayonunda cari ilin doqquz ayı ərzində görülmüş işlər müzakirə edilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq mühafizə orqanları rəhbərlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib. Qeyd edib ki, respublikamızda olduğu kimi Nəsimi rayonunun iqtisadi və sosial həyatında da ciddi uğurlar əldə olunub.
Rayonun makroiqtisadi göstəriciləri, xüsusilə informasiya və rabitə, xidmət sahələri üzrə 2017-ci ilin 9 ayı ərzində bir sıra nailiyyətlər qazanılıb. Asif Əsgərov 9 ay ərzində Nəsimi rayonunda həyata keçirilən tədbirlər haqqında məlumat verib və qarşıda duran vəzifələrdən danışıb.
Hesabat iclasında əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Şura iclasında çıxış edənlər cari ilin 9 ayı ərzində rəhbərlik etdikləri kollektivlərin gördükləri işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Şura iclasında Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Emin Hüseynova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.