CƏMİYYƏT
Nəsimi rayonunda çağırışçı gənclərin bir qrupu hərbi xidmətə yola salınıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nəsimi rayonunda da çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, hərbi xidmətə yola salınan gənclər və onların valideynləri iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra şagirdlərin ifasında “And içirik” ədəbi-bədii kompozisiyası nümayiş olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin rəisi, polkovnik Eldəniz Əliyev çıxış edərək rayonda gənclərin həqiqi hərbi xidmətə çağırışına başlanıldığını bildirib. Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışan E.Əliyev müasir müstəqil Azərbaycanın hərbi qüdrətinin artırılmasında ulu öndər Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Bu gün dünyada baş verən hadisələr təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdan sonra güclü ordu quruculuğuna xüsusi diqqət yetirməyə başladı. Məhz Ümummilli Liderimizin uzaqgörənliyi və qətiyyəti sayəsində qısa müddətdə güclü nizami ordu formalaşdırıldı. Ordu quruculuğuna diqqət və qayğını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Ən müasir hərbi texnika, silah–sursatla təchiz olunmuş Milli Ordumuz Ali Baş Komandanın əmri ilə istənilən anda torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu ötən ilin aprelində keçirilən hərbi əməliyyatlar zamanı bir daha sübuta yetirdi.
Azərbaycan Ordusunda döyüş ruhunun, nizam-intizamın yüksək olduğunu vurğulayan A.Əsgərov qeyd edib ki, dövlət–xalq–ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu daha da artırır. Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri tez-tez cəbhə bölgələrinə səfərlər edir, əsgərlərimizlə görüşlər keçirirlər.
Digər çıxış edənlər də hərbi xidmətə yola salınan gənclərə uğurlar arzulayıblar.
Sonda hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Çağırışçı gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək hərbi hissələrə yola düşüblər.