CƏMİYYƏT
Nəsimi rayonunda çay evindən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən yaxalanıb VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda çay evlərinin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində yerləşən və xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polis əməkdaşları obyektə baxış keçirən zaman bir nəfərin çay evinin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs - Yevlax şəhər sakini Namiq Məlikov polis əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq ərazi üzrə 19-cu polis şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.