ELM VƏ TƏHSİL
“Nəsimi və ardıcılları: Üsuli-Ruhi Bağdadi” kitabı çapdan çıxıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı, yazıçı-publisist, ədəbiyyatşünas Şöhrət Səlimbəylinin “Nəsimi və ardıcılları: Üsuli-Ruhi Bağdadi” kitabı “Avropa” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan ədəbiyyatının XIV əsrdə yaşamış ən böyük şəxsiyyəti və bütün türk ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin həyat və yaradıcılığı tədqiq edilib, şairin ölüm tarixi, dəfn edildiyi yer haqqında olan məlumatlar dəqiqləşdirilib. Bu baxımdan yeni çapdan çıxmış əsər xüsusi əhəmiyyət kəsb edir.
İki hissədən ibarət nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, redaktoru filologiya üzrə elmləri doktoru Raqub Kərimov, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayev və filologiya üzrə elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
Kitabda bir daha göstərilir ki, Azərbaycanın böyük şairi İmadəddin Nəsimi 1369-cu ildə Şirvanda anadan olub, 1404-cü ildə Hələbdə ona verilən ağır işgəncələrdən sonra nəşi Türkiyənin Qaziantep şəhərinin təxminən 60 kilometrliyindəki Suriya sərhədində yerləşən Ağtorpaq kəndinə gətirilib və orada dəfn edilib. Ağtorpaq kəndi məsafə baxımdan da Hələb şəhərinə yaxındır. İndi Ağtorpaq kəndində çox az adam tapılar ki, Nəsiminin bir şeirini əzbər bilməsin. Hələb şəhərindəki indiki təkkə və türbə İmadəddin Nəsiminin basdırıldığı yerdə yox, dərisinin soyulduğu yerdə tikilib.
Nəşrdə, həmçinin Nəsiminin davamçıları, mənəvi dostları olan Üsuli və Ruhi Bağdadi barədə maraqlı məlumatlar yer alıb.