REGİONLAR
Nəsirəddin Tusi əsərləri ilə dünya elminə töhfələr verən böyük Azərbaycan alimi və mütəfəkkiridir
Naxçıvan, 11 fevral, AZƏRTAC
Böyük Azərbaycan alim və mütəfəkkiri Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrə həsr olunmuş əsərlər yazıb. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Batabat Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə keçirilən Nəsirəddin Tusiyə həsr olunan elmi konfransda bu fikirləri bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirib.
İsmayıl Hacıyev ensiklopedik biliyə malik alimin müxtəlif elm sahələrinin inkişafına verdiyi töhfələrdən ətraflı bəhs edib. Vurğulayıb ki, Nəsirəddin Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı əsəri ilə xüsusi rəğbət qazanıb. Sözügedən əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı Sərəncamla “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilib.
Akademik ölkəmizdə dünya şöhrətli alimin yubileylərinin qeyd olunduğunu, əsərlərinin kütləvi şəkildə çap edildiyini, onun haqqında çoxsaylı kitab və məqalələrin yazıldığını bildirib.
Konfransda bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Şərqin böyük dühası Nəsirəddin Tusinin həyatı və fəaliyyəti”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin “Marağa Rəsədxanasının elmi cihazları”, Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri”, Batabat Astrofizika Rəsədxanasının kiçik elmi işçiləri Vəfa Qafarovanın “Nəsirəddin Tusinin elmi irsi” və Türkan Məmmədovanın “Nəsirəddin Tusi və riyaziyyat” mövzusunda məruzələri dinlənilib.