CƏMİYYƏT


Nevropatoloq: Yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır

Bakı, 13 aprel, AZƏRTAC

Son illər mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Şübhəsiz ki, onun həyat və məişətimizə gətirdiyi rahatlığı danmaq olmaz. Lakin bununla yanaşı, ondan aşırı dərəcədə istifadənin mənfi təsirləri də çoxdur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova deyib: “Mobil telefonla danışarkən 1 dəqiqə ərzində beyinə 217 elektromaqnit impulsu ötürülür. Yəni, hər orqanizm bu “zərbəyə” davam gətirə bilmir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun müddət və davamlı şəkildə mobil telefonlarla danışmaq orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməsi ehtimalını artırır. Ona görə də mobil telefonlardan mümkün qədər az istifadə etmək məsləhətdir”.

İnsanlar mobil telefonlar vasitəsilə gün ərzində danışmaqla kifayətlənmir, gecə saatlarınadək həmin qurğularda ya oyunlar oynayır, ya da sosial şəbəkələr üzərindən yaxın ətrafı ilə yazışırlar. Hətta bəzən yatmağa hazırlaşarkən mobil telefonları yanında saxlayır və bunun nəticəsində orqanizm gecə saatlarında da şüaya məruz qalır. Həkim-nevropotoloq qeyd edib ki, yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır: “Saat 1-də yuxunun birinci fazası başlayır. Ən azı həmin fazanı rahat yatmaq üçün ən azı saat 12-dən sonra telefonları söndürüb özümüzdən ən azı 2 metr uzağa qoymaq lazımdır”.

Alimlərin fikrinə görə mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur, çünki bu rabitə vasitəsindən istifadə edən zaman o beyin və gözlərə ən yaxın məsafədə olur və digər fəsadları ilə yanaşı görmə qabiliyyətinə də mənfi təsir göstərir. Mobil telefonlar işimizi nə qədər asanlaşdırsa da, onlardan saatlarla istifadə edilməsinin zərərli olduğunu unutmaq lazım deyil. Ona görə də həyatımıza rahatlıq gətirən kiçik əşyadan yalnız ən zəruri hallarda yaralanmaq daha düzgündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.