ELM VƏ TƏHSİL
“Next Level Azerbaijan” proqramı tələbələr tərəfindən maraqla qarşılanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının təqdimatı keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin beynəlxalq işlər üzrə prorektoru, professor Gülşən Əliyeva və səfirliyin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyev tələbələrə “Next Level Azerbaijan” proqramı barədə məlumat veriblər.
Görüşdə amerikalı mütəxəssislər “MC”, “Beatbox”, “Graffiti”, “Hip-Hop” və digər rəqs növlərinin yaranma tarixindən bəhs ediblər. Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonra universitetin teatr sənəti fakültəsinin iyirmiyə yaxın tələbəsindən ibarət yaradıcı qrup seçilib. Təlim və məşqlərdən sonra son seçim turundan keçən iştirakçılar Bakı və Mingəçevirdə teatr səhnəsində çıxış edəcəklər.