İDMAN


Nicat Kazımov: “Kral Atçılıq Şousu”nda hər il ən isti münasibət Qarabağ atlarına qarşı olur

London, 16 may, AZƏRTAC

“Vindzor Kral Atçılıq Şousu”nda hər il ən isti münasibət Qarabağ atlarına qarşı olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vindzor Kral Atçılıq Şousu”nda iştirak edən Azərbaycan nümayəndə heyətinin kompozisiyasının quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov söyləyib.

O bildirib ki, Kraliça II Elizabetin platin yubileyi ərəfəsində keçirilən bu möhtəşəm tədbirdə Qarabağ atları da çıxış edib. Əməkdar artist başlıca məqsədin Qarabağ atlarının gözəlliyini britaniyalı tamaşaçılara göstərmək olduğunu vurğulayıb. O, atların çıxışının hər zaman Kraliçanın diqqətini cəlb etdiyini də bildirib.

“Biz bu şouda altı dəfə çıxış etmişik. Hər dəfə Azərbaycan süvarilər dəstəsi və rəqs ansamblı zala daxil olarkən izləyicilərdə bir canlanma olduğunu müşahidə edirik. Bu dəfə sərgilənən nömrənin adı “Odlar Yurdu” olduğu üçün daha çox odlardan istifadə olunub. Bütün iştirakçılar əllərində məşəllərlə çıxış ediblər. Bu da tamaşaçılarda böyük maraq yaradıb”, - deyə N.Kazımov diqqətə çatdırıb.

Qeyd edək ki, Əməkdar artist Nicat Kazımov 2018-ci ildə Böyük Britaniyada Kraliça II Elizabetin şərəfinə təşkil olunmuş “Vindzor Kral At Şousu”nun rejissoru kimi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.