ELM VƏ TƏHSİL
Nicat Məmmədli: Dövlət Proqramında iştirak edən namizədlərin maliyyələşdirilməsi müqavilə əsasında olacaq
Bakı, 18 noyabr, AZƏRTAC
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda iştirak edənlərin təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq verən Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə əsasında həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, müqavilənin forması nazirlik tərəfindən müəyyən ediləcək. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında maliyyələşdirən qurum tərəfindən xarici valyuta və ya sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə köçürüləcək.