CƏMİYYƏT
Niderlandda Şuşaya həsr olunmuş poçt markaları buraxılıb
Bakı, 17 may, AZƏRTAC
Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində Şuşa qalası ilə “Xarıbülbül” çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin “PostNL” milli operatoru tərəfindən buraxılıb.
Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini cari ilin “Şuşa İli” elan edilməsinə, Qarabağ bölgəsinin əzəli Azərbaycan torpaqları olmasına cəlb etməkdir.
Xatırladaq ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarıbülbül”, “Rəşid Behbudov”, "Əminə Dilbazi", "Cövdət Hacıyev", “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.