İDMAN
Niko Rosberq: “Formula-1” Avropa Qran-prisi mövsümün ən maraqlı yarışıdır
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycanın paytaxtı daha bir möhtəşəm yarış ərəfəsindədir. İyunun 17-19-da “Küləklər şəhəri” sürət, adrenalin və həyəcan yarışı olan “Formula-1” üzrə dünya çempionatının 8-ci mərhələsinə - Avropa Qran-prisinə ev sahibliyi edəcək. Dünyanın ən güclü pilotlarının mübarizə aparacağı yarış 187 ölkədə canlı yayımlanacaq.
“Formula-1” yarışının iddialı komandalarından olan “Mercedes”in pilotu Niko Rosberq “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəsmi saytına müsahibə verib.
AZƏRTAC həmin müsahibəni təqdim edir.
- Bakı şəhər halqası ilə tanış oldunuzmu? Bəs simulyatorda necə, test etmisinizmi?
- Trek barədə məlumatım var. Mühəndislər yeni mərhələ üçün hazırlıq görürlər. Lakin simulyatorda hələ ki test etməmişəm. Trekin konfiqurasiyasını görmüşəm. Fikrimcə, çox möhtəşəm iş görülüb.
- Cari mövsümü necə dəyərləndirirsiniz?
- Hər şey yaxşıdır. Mən uğurlarım üçün sevinirəm və çox xoşbəxtəm. Əlbəttə ki, rəqiblərimin mövsümə uğursuz başlamalarından faydalana bilmişəm.
- Yeni ölkəyə gəldikdə ilk işiniz nə olur?
- Yeni mədəniyyətlər haqqında məlumat almağı çox sevirəm. İnsanların necə yaşadıqları haqqında maraqlanıram.
- Karyeranızla bağlı ən yaddaqalan anı xatırlaya bilərsinizmi?
- Bir dəfə, - ad günüm idi, - bolidimdə kiminsə oturduğunu gördüm. Həmin şəxsin dəbilqəsi bağlı idi və onun kim olduğunu bilmirdim. Yaxınlaşdıqda onun Vivian (Niko Rosberqin həyat yoldaşı) olduğunu gördüm və çox sevindim. Mənə ad günümdə sürpriz etmək istəmişdi. Onun gələcəyini bilmirdim.
- Bu, nə vaxt baş verib?
- On üç il əvvəl - 2003-cü ildə. “Formula-3” yarışlarında çıxış etdiyim zaman.
- Əgər “Formula-1”ə nəyisə əlavə etmək imkanınız olsaydı, bu, nə olardı?
- Çoxlu sayda pərəstişkar.
- Bəs Azərbaycandakı pərəstişkarlarınıza nə demək istərdiniz?
- Bakı möhtəşəm şəhərdir. Yarışın Bakıda keçirilməsindən çox məmnunam. Bu, inanılmaz yarışı öz gözlərinizlə görməyiniz üçün hər kəsi Bakıya dəvət edirəm. Əminəm ki, hər şey yüksək səviyyədə keçəcək.
- İndi isə bu insanları və ya terminləri üç sözlə ifadə edin.
- Berni Ekleston – böyük boss, ağıllı, Xaç atası;
“Formula-1” - ən yaxşı idman növü, kübarlıq, sürət;
Luis Hamilton – istiqamət verən, əla pilot, rəqibim;
Fernando Alonso - ən yaxşılardan biri, ispaniyalı.
Daniil Kvyat – rus, ümid, gənc pilot
Avropa Qran-prisi – mövsümün ən maraqlı yarışı, həyəcanlı, yeni sınaq.