REGİONLAR
Niyaldağ silsiləsində daha bir torpaq uçqunu olub VİDEO
İsmayıllı, 14 aprel, AZƏRTAC
Bu gün səhər saatlarında İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hündür dağlardan gələn torpaq və iri daş parçaları avtomobil yolunda böyük əraziyə tökülüb, nəqliyyat vasitələrinin hərəkəti təxminən 5 saat ərzində tamamilə dayanıb. Yolun açılması üçün əraziyə bir neçə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Sıldırımlı uca dağlardan və qayalardan qopub yola tökülən böyük daş parçaları və torpaq kütləsi texnikaların köməyi ilə təmizlənib, saat 13 radələrində avtomobillərin keçidi təmin olunub.
Yol bağlı olduğu müddətdə Lahıc qəsəbəsinə və ətrafdakı Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəliş tamamilə dayanıb. Sakinlər alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə ediblər.
Qeyd edək ki, ötən həftə həmin ərazidə baş verən uçqun zamanı yol bir neçə saat bağlı qalmışdı. Bu gün baş verən torpaq uçqununun miqyası isə daha böyük olub.