MƏDƏNİYYƏT
Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsi yad olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil - muzeyində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Niyazinin mənzil - muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov bəstəkarın yaradıcılığından söz açıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edib.
Muzeyin elmi işçisi Əzirə Abdullayeva Fikrət Əmirovun həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verib.
Bədii hissədə BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın və akademiyanın tələbələrinin ifalarında konsert proqramı təqdim olunub. Konsert çərçivəsində Fikrət Əmirovun əsərlərindən maestro Niyazinin dirijorluğu ilə “Azərbaycan kapriççiousu” və “Şur” simfonik - muğamının videoyazısı nümayiş edilib.
Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx ilə müşayiət olunub.