CƏMİYYƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
Bakı, 24 fevral, AZƏRTAC
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin tarixi Zəfəri ilə başa çatdı. Bu müharibə bir sıra başqa məqamlarla da yaddaşlarda qaldı. Bunlardan biri də xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycan Ordusunun apardığı haqq savaşına hansı münasibət göstərmələri ilə bağlı idi. Həmin günlər haqq işimizə dəstək verən, haqqın yanında olan beynəlxalq qurumlardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olub. Ümumiyyətlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, tərkibində dövlət və hökumət başçıları olmuş şəxslərin, ictimai-siyasi xadimlərin təmsil olunduğu Mərkəzin Vətən müharibəsi zamanı sərgilədiyi mövqe Azərbaycan xalqı və dövləti tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbulu zamanı bu məqam xüsusilə diqqət çəkir. Mərkəzin həmsədri İsmail Serageldinə minnətdarlıq edən dövlət başçımız xanım həmsədr Vayra Vike-Freyberqaya və mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə bağlı göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Prezidentin bəyan etdiyi kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin müharibə vaxtı və müharibədən sonra dəstək məktubları, Azərbaycanın ərazi bütövlüyünə sayğısı ölkəmizdə yüksək qiymətləndirilir. Torpaqlarımızın işğaldan azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə Azərbaycan cəmiyyəti Mərkəzin həmsədrlərinə və üzvlərinə minnətdardır.
Vüqar İskəndərov əmin olduğunu bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi postmüharibə dövründə Azərbaycanın atacağı addımlara da lazımi dəstəyi göstərəcək: “Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Yəni, heç şübhəsiz ki, Mərkəz öz fəaliyyətində müharibədən sonrakı inkişaf imkanlarını və mövcud vəziyyəti diqqətə saxlayacaq, həmçinin dünyanın da diqqətini bu məsələlərə yönəldəcək. Çünki biz beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Məlum olduğu kimi, indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edərkən işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını görürlər. Onlar şahidi olurlar ki, bizim əraziləri işğal edən ermənilər hər şeyi məhv ediblər. Bu isə reallığın, Ermənistanın işğalçılığının nəticələrinin bütün çılpaqlığı ilə dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Bu baxımdan hesab edirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də yaxın gələcəkdə önəmli addımlar ata bilər. Məsələn, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində bu barədə geniş məlumatlar verilə bilər, həmçinin Mərkəzin üzvləri də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət edərək orada müəyyən tədbiri təşkil edə bilərlər. Bütün bunlar isə dünyanın bir daha erməni vandalizminin acı nəticələri ilə tanış olması üçün dəstək rolunu oynaya bilər. Dünya birliyi bir daha Ermənistanın işğal etdiyi ərazilərdə hər şeyin məhv olduğunu, Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir binanın belə qalmadığının şahidi olar”.