REGİONLAR
Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir
Astara, 25 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına xüsusi önəm verdiyini söyləyib. Prezident İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi tarixi hadisədir.
Tədbirdə digər çıxış edənlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin bədii məziyyətlərindən danışaraq, ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli”, işğaldan azad edilmiş Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsini ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisi kimi dəyərləndiriblər.
Diqqətə çatdırılıb ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Tədbirdə məktəblilərin ifasında Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.