REGİONLAR


Nizami Gəncəvinin ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir

Ağcabədi, 22 may, AZƏRTAC

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti yüksəkliklərə qaldırmışdır. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 2021-ci il "Nizami Gəncəvi İli" elan olunması ilə əlaqədar keçirilən "Sözün də su kimi lətafəti var" adlı tədbirdə səsləndirilib. Pandemiya dövrünün tələblərinə uyğun təşkil edilən tədbirdə "Aran" qəzetinin əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Filologiya fakültəsinin tələbələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaş və könüllüləri iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxışında bildirib ki, insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına şeir, ədəbiyyat, mədəniyyət nümunələri qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz ziyalılarla keçirməsi bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addım idi. Ümummilli Lider hər zaman tariximizi, ədəbiyyatımızı yaxşı öyrənməyi, dilimizi, milli-mənəvi dəyərlərimizi qorumağı gənclərə tövsiyə edirdi. Dahi Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də bu sahəyə daim diqqət göstərilir. 2019-cu ilin "Nəsimi ili", 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi bunun ən bariz nümunəsi olmaqla yanaşı Nəsimi irsinin, Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etməklə gənc nəslə çatdırmaqdır.

Mədəniyyət işçisi, şair Gündüz Sevindik, "Aran" qəzetinin baş redaktoru, şair Məhsəti Musa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Şəlalə Süleymanlı çıxışlarında dahi şairin həyat və yaradıcılığından geniş bəhs ediblər.

Bildirilib ki, Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. Onun qəhrəmanları ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, Vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Qüdrətli söz ustasının dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.