MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində ABŞ və Avropa filmlərinin nümayişinə başlanılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Nizami Kino Mərkəzində ABŞ, Almaniya və Fransanın “Snouden”, ABŞ–ın “Hudzonda möcüzə” və ABŞ, İrlandiya, Fransa və Böyük Britaniya istehsalı olan “Bricit Cons 3” filmlərinin nümayişinə başlanılıb. Həmçinin Türkiyə istehsalı olan “El değmemiş aşk” romantik komediyasının nümayişi davam edir.
Nizami Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, triller, bioqrafik dram janrında çəkilmiş “Snouden” filminin rejissoru və ssenari müəllifi Oliver Stoundur. Rolları Cozef Qordon–Levvitt, Mellisa Leo, Zakari Kuinto, Ceyms Batler, Robert Fert və başqaları canlandırıblar.
Todd Komarnikinin ssenarisi əsasında rejissor Klint İstvudun “Hudzonda möcüzə” filmi triller və bioqrafik dram janrındadır. Rollarda Tom Henks, Aaron Ekhart, Valeri Maxaffey, Delfi Herrinqton, Mayk Omelli, Ceymi Şeridan, Anna Qann, Ahmed Husseyn və digər aktyorlar çəkilib.
“Bricit Cons 3” melodramatik komediyanın rejissoru Şeron Maquayr, ssenari müəllifi Helen Fildinqdir. Baş rollarda Rene Zellveger, Kolin Fert, Patrik Dempsi, Cemma Cons, Cim Brodbent, Selli Fillips və başqaları çəkiliblər.
AF Media-Azərbaycan şirkətinin təqdim etdiyi “El degmemiş aşk” romantik komediyasinin rejissoru Umut Kırcadır.
Filmlər haqqında geniş məlumatı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən də öyrənmək olar.