ELM VƏ TƏHSİL
Nizami rayonu üzrə məktəb seminarları
Bakı, 14 noyabr, AZƏRTAC
“Məktəb seminarları”nın növbəti sessiyaları Nizami rayonunun ümumtəhsil məktəbləri üzrə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, “Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev layihənin əhəmiyyəti və qarşıda duran vəzifələrin həlli yolları barədə fikirlərini söyləyib, məktəb direktorlarını maraqlandıran məsələlərə aydınlıq gətirib.
Rəşad Tağıyev ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəbin imicinin formalaşdırılması, müəllimlərin peşəkar inkişafı, təhsil müəssisələrinin fəaliyyətinin və uğurlarının daha dolğun təbliği, dərsə davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub.
Müxtəlif sessiyalarda ümumtəhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılması üsul və formaları, müəllim-valideyn münasibətləri, tərbiyə işinin təşkili, məktəb saytlarının idarəolunması, fəaliyyətdə səmərəliliyin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda çıxışlar dinlənilib. Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etməkdir. Həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.