QAN YADDAŞI
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
Bakı, 10 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar 238 saylı orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşəbbüsü ilə “20 Yanvar… unutmadıq” adlı tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıblar.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, 238 saylı orta məktəbin direktoru İlqar Talıbov və başqaları bildiriblər ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.
Çıxışçılar 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndiriblər. Qeyd edilib ki, xalqını bu ağır günlərdə tək qoymayan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Qeyd edilib ki, Ümummilli Liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilib.
Çıxışlardan sonra 238 saylı orta məktəbin və 33 saylı musiqi məktəbinin kollektivinin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.