CƏMİYYƏT
Nizami rayonunda “Sağlam məktəbli” layihəsi həyata keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində Nizami rayonunda yerləşən 12 nömrəli orta məktəbdə olublar.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əvvəlcə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumatlar verilib, “Qida zənciri” və “Qida məhsullarında etiket qaydaları” videoçarxları təqdim olunub və bu sahədə vətəndaş məsuliyyətinin, ictimai nəzarətin əhəmiyyətindən danışılıb.
“Qida təhlükəsizliyində insan amili” təqdimatı nümayiş etdirilib. Görüş zamanı “Məktəb bufetlərində qida təhlükəsizliyi”, “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Enerji içkilərinin ziyanları”, “Suyun və faydaları və iondan düzgün istifadə qaydaları” və “Qida zəhərlənmələri” mövzularında şagirdlərlə fikir mübadiləsi aparılıb.
Agentliyin mütəxəssisləri məktəbliləri maraqlandıran sualları cavablandırılıb və sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən layihənin bu ilin sonunadək paytaxtın ümumtəhsil müəssisəsində davam etdirilməsi nəzərdə tutulub.