CƏMİYYƏT
Nizami rayonunda qanunsuz fəaliyyət göstərən içməli su sexi aşkarlanıb
Bakı, 2 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakının Nizami rayonunda Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də etiket məlumatlarında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.
Yoxlama nəticəsində məlum olub ki, istehsalçı fiziki şəxs olsa da, etiketlərin üzərində istehsalçı kimi İ.V.N. MMM və ya rus dilində И.В.Н ООО göstərilib, eyni zamanda istehsalçının ünvanı qeyd olunmayıb. Müəssisədə istifadə müddəti bitmiş 25 kiloqramlıq qabda qablaşdırılmış İtaliya istehsalı olan “Caramel colour DS7” əmtəə nişanlı boya, “Tərxun Moskva” etiketləri, istifadə müddəti bitmiş və üzərinə yeni son istifadə müddəti yapışdırılmış “Aqua Mineral” əmtəə nişanlı qazsız içməli sular aşkar edilib.
Götürülən nümunələrdən laborator analizlər zamanı “Aqua Mineral” əmtəə nişanlı qazsız suda bağırsaq çöpü bakteriyaları olduğu, “Moskovski Kvas” əmtəə nişanlı alkoqolsuz içkidə isə quru maddənin kütlə payı və turşuluq tələblərinə cavab vermədiyi müəyyən olunub.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.