DÜNYA
“Nord Stream 2”nin 200 kilometrdən çoxu tamamlanıb
Bakı, 7 noyabr, AZƏRTAC
“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəmərinin 200 kilometrdən çoxu tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkəti məlumat yayıb. Bildirilir ki, layihə üzrə Baltik dənizində 200 kilometrdən çox boru döşənib. “Audacia” gəmisi Almaniya sularında, “Solitaire” gəmisi isə Finlandiya sularında çalışır. Layihənin vaxtında yerinə yetirilməsi üçün 20-dən çox gəmi eyni anda fəaliyyət göstərir.
Qeyd edək ki, sentyabrda boru kəmərinin Finlandiya hissəsində boruların döşənməsinə başlanılıb. Hazırda “Nord Stream 2”nin Finlandiya hissəsində “Solitaire” adlı gəmi 12 metr uzunluğundakı boruları dəniz altına döşəyir. Uzunluğu 300 metr və eni 41 metr olan gəmi burdakı işləri fasiləsiz davam etdirəcək.
Ümumilikdə 10 milyard dollara başa gələcək və 1230 kilometr uzunluğundakı “Nord Stream 2” boru qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.
“Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb.