İQTİSADİYYAT


Normadan çox yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Bakı, 19 mart, AZƏRTAC

Ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən çox yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulur, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunun qarşısını almaq məqsədilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən, maarifləndirmə xarakterli yoxlama tədbirləri görülür.

Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən çox yükü olan nəqliyyat vasitələrinin agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.

Lakin iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən çox yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulması, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətin yaranması barədə edilən xəbərdarlıqlara baxmayaraq, artıq yüklə yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti davamlı müşahidə olunmaqdadır.

Hərəkət zamanı icazə verilən kütlə və qabarit parametrlərinə əməl etməməklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yükgötürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi zərurəti yarandığından bu istiqamətdə müvafiq addımların atılması davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.