DÜNYA
Norveç şirkəti elektrik mühərrikləri ilə işləyən məşq təyyarələrindən istifadə edəcək
Stokholm, 12 aprel, AZƏRTAC
Norveçin “OSM Aviation” şirkəti pilotların öyrədilməsi ilə bağlı xərclərə qənaət etmək məqsədilə elektrik mühərrikləri ilə işləyən 60 ədəd məşq təyyarəsi alıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, səhmlərinin bir qismi “Norwegian Air” aşağıbüdcəli daşıyıcıya məxsus olan “OSM Aviation” şirkəti pilotların seçilməsi və öyrədilməsi ilə xərclərini azaltmaq məqsədilə Kolorado ştatında təyyarə istehsalı ilə məşğul olan “Bye Aerospace” şirkətindən tamamilə elektriklə işləyən 60 ədəd məşq təyyarəsi almaq üçün sifariş verib.
“OSM Aviation” şirkətinin rəhbəri Espen Hoybinin sözlərinə görə, bu ikiyerli təyyarələrdən hər birinin qiyməti təqribən 350.000 dollardır. Təyyarələrin 2021-ci ilin sonundan etibarən alıcıya göndərilməsi planlaşdırılır. E.Hoybi deyib: “Hazırda adi məşq təyyarəsindən istifadə edilməsi saatda 110 dollara başa gəlir. Elektriklə işləyən təyyarələrdən istifadə edilsə, bu xərclər saatda 20 dollar olacaq”.
OSM şirkəti hazırda pilotların öyrədilməsi üçün Amerikada istehsal edilmiş Cessna-172 modelli təqribən 20 təyyarədən istifadə edir. Şirkət bu modellərdən tədricən imtina etməyi planlaşdırır.
Hoybinin sözlərinə görə, pilotların hazırlıq səviyyəsi və onlara verilən lisenziya eynilə əvvəlki kimi olacaq.
Norveç elektrokarlardan istifadə göstəricisi üzrə də liderdir. Krallıq bu məsələdə dünya üzrə aparıcı yer tutur. Məsələn, bu ilin mart ayında dünyada ilk dəfə olaraq məhz Norveçdə elektrokarların satışı göstəricisi daxiliyanma mühərriki ilə işləyən avtomobillərin satışını üstələyib. Avropada qazıntı şəklində yanacağın ən iri satıcısı olan bu ölkənin hökuməti 2025-ci ilə qədər daxiliyanma mühərriklərindən tamamilə imtina etmək kimi ambisiyalı məqsəd qarşıya qoyub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm