Norveçdəki soydaşlarımız beynəlxalq birliyi etiraz səsini ucaltmağa çağırdı
AzerTAg.az

Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum Norveçdə yaşayan soydaşlarımızın hiddət və qəzəbinə səbəb olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Oslo Azərbaycan Evi”nin, Norveç Azərbaycanlıları Gənclər Birliyinin (NAYO) və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki koordinatorluğunun yaydığı bəyanatlarda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının isə yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənib.
İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından narahatlıq keçirən soydaşlarımız Norveç ictimaiyyətini və beynəlxalq birliyi bu terror hadisəsinə qarşı etiraz səsini ucaltmağa dəvət edib. Son vaxtlar İranın Ermənistanla birlikdə Azərbaycanın sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətməsinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılmasının vacibliyi diqqətə çatdırılıb.
Xəbərin mətnində orfoqrafik səhv var