MƏDƏNİYYƏT
Növbəti videoçarx qəhrəman şəhid Ramil Paşayev haqqındadır
Bakı, 28 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı "Vətən uğrunda" layihəsini davam etdirərək şəhid Ramil Şakir oğlu Paşayev haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videomaterialda şəhid Ramil Paşayevin ömür yoluna geniş nəzər salınıb.
Bildirilib ki, Ramil Paşayev 1994-cü il iyulun 28-də Bərdə rayonunun Əyricə kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramil Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Paşayev oktyabrın 27-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına göstərdiyi igidliyə görə ölkə başçısının müvafiq sərəncamları ilə Ramil Paşayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.