MƏDƏNİYYƏT
Novruz bayramı Fransanın əyalətlərində də qeyd edilib
Paris, 21 mart, AZƏRTAC
Fransanın Jirond departamentinin Villenave-d’Ornon kommunasının meriyasında Novruz bayramı qeyd edilib.
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, icmamızın üzvü Yeganə Mustafayevanın təşkilatçılığı ilə keçirilmiş Novruz şənliyinin əsas məqsədi adət-ənənələrimizin xaricdə tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği, eyni zamanda, Novruzun paylaşmaq, birlik kimi xüsusiyyətlərinə diqqətin cəlb edilməsi olub.
Tədbir çərçivəsində Novruz xonçaları bəzədilib, bayram atributlarından ibarət kompozisiyalar nümayiş olunub. Uşaqlar arasında yumurta döyüşü və digər Novruz adətləri maraqla qarşılanıb.
Bayram tədbirində Azərbaycan mədəniyyəti, Novruz ənənələri haqqında məlumat verilib, iştirakçılara bayram sovqatı paylanılıb, milli musiqilərimiz səsləndirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris