Novruz bayramı Mərakeşdə qeyd edilib
AzerTAg.az
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Mərakeşdə yaşayan Azərbaycan diaspora nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Nazim Səmədov diaspora nümayəndələrini və səfirlik əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.
Daha sonra isveçli fotoqraf, operator və rejissor Mikayıl Silkeberqin ölkəmizin mədəniyyət paytaxtı Şuşaya həsr edilmiş “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı keçirilib.
Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Ekran əsərinin əsas xəttini Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğamı və təbiəti ilə bağlı düşüncələri təşkil edir.
Səfir bildirib ki, 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub və bu məqsədlə tədbirlər planı çərçivəsində həmin sənədli filmi çəkilib.
Tədbirdə Azərbaycan mətbəxinin ləziz təamları, o cümlədən plov, dolma, habelə müxtəlif növ Novruz şirniyyatlarımızın bəzədiyi zəngin süfrə açılıb, samovar çayı dəmlənilib və səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanıb.
İştirakçılara “Azərbaycan mətbəxi” adlı ingilis və ərəb dilində kitablar təqdim edilib.
Sonda diaspora nümayəndələri ilə birgə xatirə şəkli çəkilib.
Xəbərin mətnində orfoqrafik səhv var