REGİONLAR
Novruz bayramı ərəfəsində Yevlaxda doqquzmərtəbəli yeni yaşayış binası istifadəyə verilib VİDEO
Dövlət başçısından Yevlax sakinlərinə bayram hədiyyəsi
Yevlax, 18 mart, AZƏRTAC
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, əhalinin sosial problemlərinin yaxşılaşdırılması sahəsində də geniş tədbirlər həyata keçirilir və bu istiqamətdə həyata keçirilən işlər Yevlax rayonunda da öz əksini tapıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Yevlax şəhərində yeni 9 mərtəbəli yaşayış binası istifadəyə verilib. Yaşayış binası şəhərin Nizami prospektində qəzalı vəziyyətdə olan 10 ədəd binada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Yevlax şəhəri Heydər Əliyev prospektində inşa edilib. 42 ailənin yerləşdiriləcəyi binada 1, 2 və 3 otaqlı mənzillər tam təmirlidir, binanın həyətində müvafiq abadlıq işləri aparılıb.
Bina sakinlərinin elektrik enerjisi ilə dayanıqlı təminatı üçün həyətdə 2 ədəd 630 kv-luq transformator yarımstansiyası və 1 ədəd generator quraşdırılıb, 216 kubmetrlik içməli su anbarı tikilib.
Sakinlərin yeni binaya köçürülməsinə köməklik məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən kommunal işçilər ayrılıb, sakinlərə digər lazımi köməklik edilib.
Yeni binada mənzil alan sakinlər Novruz bayramı ərəfəsində bu sevinci onlara yaşadan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Təzə mənzillərin sahibləri sevinclərini AZƏRTAC-la da bölüşüblər.
Yevlax şəhər sakini Sara Quliyeva: "Evlərimiz bərbad vəziyyətdə idi. Neçə il idi ki, şəraitsiz fin evlərində qalırdıq. Çox əziyyət çəkirdik. İndi gözəl, hər cür şəraiti olan mənzil verildi. Bunun üçün Prezidentimizə minnətdarıq".
Məlahət İbrahimova: "Köhnə binamız 1964-cü ildə tikilmişdi. Çox bərbad vəziyyətdə idi. Nə qədər təmir edirdik, uçurdu, dağılırdı. Yeni mənzillərin tikilib verilməsi bizə Prezidentimizin Novruz bayramında ən gözəl hədiyyəsidir".