REGİONLAR
Novruz bayramı ilə əlaqədar Bakıda ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil ediləcəkdir
Bakı, 11 mart (AZƏRTAC). Novruz bayramında əhalinin bazar qiymətlərdən daha ucuz ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi martın 15-dən 19-dək Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkalar təşkil edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bayramla əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam ödəniləcək, eləcə də süni qiymət artımının qarşısı alınacaqdır.
Yarmarkalar bu ünvanlarda keçiriləcəkdir: Xətai rayonu üzrə - Məhəmməd Hadi küçəsində (Ukrayna dairəsindən H.Aslanov metrosuna gedən yolda); Yasamal rayonu üzrə - Akim Abbasov küçəsində (İran klinikasının yanında); Nərimanov rayonu üzrə - Gənclik metrosunun yaxınlığında; Binəqədi rayonu üzrə - Dərnəgül yaşayış sahəsindəki 6 saylı peşə litseyinin həyətində; Suraxanı rayonu üzrə - Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanında; Nəsimi rayonu üzrə - Təzə bazarın ərazisində; Səbail rayonu üzrə - Badamdar qəsəbəsindəki 239 nömrəli məktəbin yanında.
Məlumatda, həmçinin bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamında Kənd Təsərrüfatı Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili tapşırılmışdır. Sərəncama əsasən yarmarkaların fəaliyyətinə normal şəraitin yaradılmalı, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılmalı, sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməli, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkalar təşkil olunmalıdır.
Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yerlər müasir standartlara uyğun və qapalı formada qurulacaq, əhali və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılacaqdır.