MƏDƏNİYYƏT
Novruz bayramı münasibətilə Qala Qoruğunda etnotur təşkil olunub
Bakı, 22 mart, AZƏRTAC
Xalqımızın qədim milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramı münasibətilə Qala Qoruğunda etnotur təşkil olunub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İdarənin İdarə heyətinin sədri Şahin Seyidzadə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, şəhid ailələri, qazilər, rayon ağsaqqalları iştirak ediblər.
Qonaqlar açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olub, həmçinin qədim tacir evində qonaqlara kirkirə çəkmə və lavaş yayma ənənələri nümayiş etdirilib.
Milli idman növü olan zorxana oyunları qonaqların marağına səbəb olub.
Tədbirdə iştirak edənlər Novruz bayramını düşməndən azad edilmiş torpaqlarda qeyd edə bildiyimizə görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.