CƏMİYYƏT
Novxanı sakininin evində heroin, metamfetamin və marixuana, həyətindən isə çətənə kolları aşkarlanıb
Bakı, 6 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Qurbanovun evindən heroin, metamfetamin və marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 90 çətənə kolu aşkarlanaraq götürülüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini A.Səlimovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 98 çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı təhqiqat davam edir.