İQTİSADİYYAT
Noyabrda OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək
Bakı, 6 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nazirlərinin ümumi toplantısı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, həmin toplantıdan bir gün əvvəl isə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, neft hasilatının azaldılmasına dair sazişin icrasına nəzarət və onun şərtlərinin təshih edilməsinə dair tövsiyələrin hazırlanması üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb və iki aydan bir toplaşır. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanı və OPEC-in baş katibi daxildir.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.