DÜNYA
Noyabrın 22-dən İtaliyada yaşı 40-60 arasında olanlara üçüncü doza peyvənd vurulacaq
Roma, 19 noyabr, AZƏRTAC
Noyabrın 22-dən etibarən İtaliyada yaşı 40-60 arasında olanlara üçüncü doza peyvəndin tətbiqinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, daha əvvəl bu prosesə dekabrın 1-dən başlanılması nəzərdə tutulurdu. Lakin son günlərdə ölkədə COVID-19-a gündəlik yoluxma sayının 10 mini ötməsi prosesə daha tez başlanılmasını zəruri edib.
İtaliyada COVID-19-a qarşı aparılan vaksinasiya prosesi çərçivəsində indiyədək 92,5 milyon nəfər peyvənd olunub, hər iki doza peyvənd qəbul edənlərin sayı isə 45,5 milyon nəfəri keçib.
Qeyd edək ki, sentyabrın 20-dən İtaliyada tətbiqinə başlanılan üçüncü doza peyvənd əsasən yaşı 80-dən yuxarı və xroniki xəstəlikləri olanlara vurulur. İndiyədək İtaliyada təxminən 3,2 milyon nəfərə COVID-19 infeksiyası əleyhinə üçüncü doza peyvənd tətbiq edilib. Peyvəndin birinci dozasını qəbul edənlər ölkə əhalisinin 87 faizini, hər iki dozanı vurduranlar isə 84 faizini təşkil edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma