İDMAN
Nüfuzlu ərəbdilli KİV-lər Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırırlar
Abu-Dabi, 25 iyun, AZERTAC
Ərəb dünyasını aparıcı nəşrləri Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırırlar.
Nəşrlərdə dərc olunan məqalələrdə bildirilir ki, Azərbaycan Formula-1 yarışını artıq ikinci ildir qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Bakı Qran-Prisi Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir.
Məqalələrdə turnirin yüksək səviyyədə təşkilindən, startların dünya standartlarına uyğun keçirilməsindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından bəhs olunur.
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-İttihad” qəzetində dərc edilmiş məqalədə bildirilir ki, Azərbaycan bu idman tədbiri sayəsində Bakının gözəlliyini və onun dinamik inkişafını bütün dünyaya nümayiş etdirir.
“Sky News Arabia” telekanalında yayımlanan reportajda xüsusi vurğulanır ki, Formula-1-in Azərbaycan mərhələsi özünəməxsusluğu ilə seçilir. Burada pilotlar qeyri-adi ab-havası olan əsrarəngiz tarixi yerləri əhatə edən bənzərsiz trekdə yarışırlar.
Ərəbdilli KİV-lər Formula-1 Azərbaycan Qran-Prisinin gedişi və turnirdə iştirak edən adlı-sanlı pilotlar barədə də geniş xəbərlər dərc edirlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu Dabi