REGİONLAR
“Nuh yurdu” intellektual oyununun Naxçıvan şəhər birinciliyinə yekun vurulub
Naxçıvan, 8 iyun, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində şəhər məktəbliləri arasında keçirilən “Nuh yurdu” intellektual oyununun şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Gənclər Fondu, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Bilik yarışından öncə Gənclər Fondunun baş məsləhətçisi Ceyhun Xəlilli, Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Təhsil Şöbəsinin əməkdaşı Təhminə İbrahimova oyun haqqında geniş məlumat verərək, belə intellektual oyunların keçirilməsinin şagirdlərin dərsdənkənar bilik və bacarıqlara, milli və ümumbəşəri dəyərlərə yiyələnmələrində, yaradıcı təfəkkürlərinin inkişafında oynadığı roldan danışıblar.
Səkkiz komandanın iştirak etdiyi intellektual oyunda I yerə “Zirvə”, II yerə “Qaraxan”, III yerə isə “Hədəf” komandası layiq görülüb.
Qalib komandaya və komanda üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.