MƏDƏNİYYƏT
Nur-Sultanda “Türk inteqrasiyasının memarı” və “Elorda Epopeyası” kitablarının təqdimatı keçirilib
Nur-Sultan, 19 aprel, AZƏRTAC
Qazaxıstan Birinci Prezidenti kitabxanasında “Türk inteqrasiyasının memarı” və “Elorda Epopeyası” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Birinci Prezidenti – Elbası kitabxanasının təşkilatçılığı ilə düzənlənən tədbirdə “Türk inteqrasiyasının memarı” adlı videoçarx təqdim olunub.
Müstəqilliyin rəmzi olaraq “Elorda Epopeyası” kitabı paytaxtın 20 illiyinə həsr edilib və nəşrdə müxtəlif illərdə yerli və xarici ölkələrin görkəmli siyasi və ictimai xadimlərin “Eqemen Qazaxıstan” qəzetində dərc edilən çıxışları öz əksini tapıb.
"Türk inteqrasiyasının memarı" toplusunda Nursultan Nazarbayev haqqında bir sıra dövlət başçılarının, tanınmış politoloq və ekspertlərin, alimlərin və ziyalıların dərin mülahizələri və fikirləri yer alıb.
Tədbirdə Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov, informasiya və ictimai inkişaf naziri Dauren Abayev, Qazaxıstan Xalqlar Assambleyasının sədr müavini Janseyit Tuymebayev, Birinci prezident kitabxanasının direktoru Amerxan Raximjanov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, dövlət və ictimai xadimlər, ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər hər iki nəşrin hazırkı və gələcək nəsillər üçün vacibliyini vurğulayıb. Qeyd edilib ki, türk dünyasının birliyi, əməkdaşlığı, sosial-iqtisadi sahədə ən mühüm məsələdir və türk inteqrasiyası üçün zəruridir. Qazaxıstan dövlətinin banisi Nursultan Nazarbayevin qardaş türk dövlətlərinin qarşılıqlı əməkdaşlıqlarının möhkəmləndirilməsi və türk xalqlarının birliyi yolunda böyük əməyindən bəhs edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan