CƏMİYYƏT
Nüvə texnologiyaları Avropada qara mal dermatitinə qarşı mübarizədə kömək edəcək
Bakı, 16 avqust, AZƏRTAC
BMT Avropa ölkələrində iribuynuzlu heyvanların nodulyar dermatitinin artması hallarından narahatdır.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu məsələ ilə əlaqədar olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) laboratoriyasında regionun 22 ölkəsindən 36 ekspert toplaşıb. Onlar nüvə texnologiyalarından istifadə etməklə bu təhlükəli xəstəliyin operativ aşkar edilməsi və yayılmasının qarşısının alınması yollarını müzakirə edəcəklər.
Afrika və Asiya ölkələrində tez-tez rast gəlinən iribuynuzlu heyvanların nodulyar dermatiti əvvəllər Avropa qitəsində nadir xəstəlik olub. 2013-cü ildə bu dəri xəstəliyi Türkiyədə inəklərdə aşkar edilib, sonra Cənub-Şərqi Avropanın digər ölkələrinə yayılıb.
Hazırda xəstəlik Avropanın altı ölkəsində - Yunanıstan, Bolqarıstan, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası, Serbiya, Albaniya və Monteneqroda qeydiyyata alınıb.
Bu yoluxucu virus heyvanla birbaşa təmasdan keçir. Virusu milçək və gənələr də yayır. Qara mal dermatiti insan sağlamlığı üçün təhlükə törətmir. Lakin virus heyvanlar arasında yayılır ki, bu da ciddi iqtisadi itkilərə səbəb olur. Xəstəlik heyvanların dərisini zədələyir ki, bu da onları dəri sənayesi üçün yararsız edir. Dermatit südün və mal ətinin keyfiyyətində də özünü göstərir.
2015-ci ildən başlayaraq Dünya Təbiəti Mühafizə Təşkilatına Avropada iribuynuzlu heyvanların nodulyar dermatiti halının 600 dəfə qeydə alınması barədə məlumat daxil olub. Bu təhlükəli xəstəliyin qarşısının alınması çərçivəsində fermerlər 10 mindən çox heyvanı kəsilməyə göndərmək məcburiyyətində qalıblar.
BAEA laboratoriyasının praktiki məşğələlərində baytarlara nüvə şüası ilə işləyən aparat vasitəsilə nodulyar dermatiti tez aşkar etmək və xəstəliyin yayılmasına qarşı operativ tədbir görmək öyrədiləcək. Baytarlar öz ölkələrinə diaqnostika alətləri dəsti ilə qayıdacaqlar.
Ekspertlər ehtiyatlanırlar ki, bu təhlükəli xəstəlik 87 milyon baş iribuynuzlu heyvanların olduğu Avropada ciddi iqtisadi itkilərə səbəb ola bilər.