DÜNYA


Nyu-Yorkda sürücülük vəsiqəsi sahibləri avtomatik olaraq orqan donoruna çevrilə bilərlər

Vaşinqton, 16 aprel, AZƏRTAC

Nyu-York ştatının Assambleyasında təqdim olunan yeni qanun layihəsinə görə, sürücülük vəsiqəsinə sahib olan hər kəs avtomatik olaraq orqan donoruna çevrilə bilər.

AZƏRTAC xəbər verir ki, Assambleyanın üzvü Pet Berkin hazırladığı sənədə əsasən, ştatın yaşı 18 və daha yuxarı olan bütün sakinləri donorların siyahısına daxil ediləcək. Qanun layihəsi hələ müzakirələrin birinci mərhələsindədir və ola bilər ki, sənədə düzəlişlər edilsin. Berk deyib ki, qanun layihəsini Assambleyadakı baxılacaq sənədlərin siyahısına daxil etməkdə onun niyyəti Nyu-York ştatında orqan donorlarının sayının artırılması ilə bağlı müzakirələrə başlamaq olub. Qanunverici bildirib ki, hazırda Nyu-York ştatında orqanlar və toxumalar gözləyənlərin siyahısında 9 min insan qeydə alınıb. Hər potensial orqan donoru 8 nəfərədək insanın həyatını xilas edə bilər.

Berk deyib: “Bu qanunvericilik çox insanın həyatını xilas etməyə kömək olacaq”. Qanunverici ehtimal edir ki, donorların siyahısına avtomatik daxilolunma sürücülük lisenziyalarının verilməsi zamanı baş verəcək. Həmin siyahıya avtomatik daxil olunmaq istəməyənlər bundan imtina edə bilərlər. ABŞ-ın bütün ştatlarında sürücülük vəsiqəsi alan vətəndaşların donor kimi qeydiyyatdan keçmək imkanı var. Əgər kimsə orqan donoru olmaq istəyirsə, o zaman sürücülük hüququnun əldə edilməsi üçün yazılan ərizədə bunu qeyd etməlidir. Əgər sürücünün qəzadan və ya hər hansı bədbəxt hadisədən sonra yaşamaq şansı yoxdursa, o zaman hüquq-mühafizə orqanlarının əməkdaşları onun vəsiqəsini yoxlayır. Vəsiqədə sürücünün öz orqanlarını bağışlaması haqqında razılığı qeyd olunubsa, onun sağlam orqanları müvafiq orqan gözləyənlərin siyahısında adları olan pasiyentlər üçün istifadə məqsədilə tibb müəssisələrinə göndərilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.