ELM VƏ TƏHSİL
ODLAR YURDU UNİVERSİTETİNDƏ XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR
Abidəni xalq rəssamı, professor Fuad Salayev yaratmışdır.
Mərasimi təhsil naziri Misir Mərdanov açdı. Büstün üzərindəki ağ örtük götürüldü və önünə çoxlu əklillər, gül dəstələri qoyuldu.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılışda çıxış edən nazir Misir Mərdanov müstəqil dövlətçiliyimizin yaranmasında dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açaraq dedi ki, onun xalqımız, millətimiz üçün yaradıb-qurduqlarını sadalamaqla bitib-tükənməz. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev daim bütün dünya azərbaycanlılarının qəlbində, ruhunda yaşayacaqdır.
Heydər Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan natiq bildirdi ki, bu gün ölkəmizdə 47 ali təhsil müəssisəsi fəaliyyət göstərir, onlardan 15-i özəldir.
Milli Məclisin sədri Murtuz Ələsgərov çıxış edərək dedi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının qəlbində öz abidəsini çoxdan ucaltmışdır. O, müstəqil dövlətçiliyimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında Heydər Əliyevin tarixi rolunu konkret faktlarla diqqətə çatdırdı, böyük həyat və siyasi təcrübəsi ilə ölkəmizi dağılmaq təhlükəsindən xilas edən, onu böyük inkişaf yoluna çıxaran dahi öndərimizin hər bir azərbaycanlının qəlbində yaşayacağını vurğuladı. Milli Məclisin sədri bildirdi ki, xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, ümummilli liderimiz Heydər Əliyevin ideyalarını layiqincə həyata keçirəcəkdir.
Çıxış edən digər natiqlər də ölkəmizin elm, təhsil, mədəniyyət və iqtisadiyyatının tərəqqisində, milli–mənəvi dəyərlərimizin qorunub saxlanmasında, ana dilimizin dövlət dili səviyyəsinə yüksəlməsində türk dünyasının müdrik oğlu, qüdrətli şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açmışlar.