DÜNYA
OECD Latın Amerikası ölkələrinə dövlət xərclərinin effektivliyini və təhsilin səviyyəsini artırmağı tövsiyə edib
Madrid, 14 aprel, AZƏRTAC
Pandemiyanın iqtisadiyyata vurmaqda davam etdiyi yaraları sağaltmaq məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Latın Amerikası ölkələrinin hökumətlərinə dövlət xərclərinin effektivliyini və təhsil səviyyəsini artırmağı tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə OECD-in 46 ölkəyə tövsiyələrindən ibarət “Going for Growth 2021” adlı illik hesabatında qeyd edilib.
OECD hesab edir ki, Argentina, Meksika, Kolumbiya, Braziliya, Çili və Kosta-Rika sosial müdafiə şəbəkəsini təmin etmək üçün xərclərin məqsədyönlü olmasını, vətəndaşların təhsil səviyyəsini və məşğulluq imkanlarını artırmalıdır. Sosial təminat fondlarının vəsaitləri məhz ehtiyacı olanlara ayrılmalıdır.
OECD Argentinada rəqabət qabiliyyətliliyin artırılması, keyfiyyətli iş yerlərinin yaradılması məqsədilə şirkətlər üçün biznes şəraitinin yaxşılaşdırılmasını tövsiyə edib.
Meksikada özəl sektorun zəruri resurs mənbəyi olması baxımından OECD hesab edir ki, ölkədə işgüzar iqlim mühiti də yaxşılaşmalıdır. Pandemiya yoxsulluğun artmasına, uzunmüddətli sosial problemlərin dərinləşməsinə və gender bərabərsizliyinin yaranmasına gətirib çıxarıb. Həyat səviyyəsinin yüksəlməsi işgüzar mühitin yaxşılaşdırılması, o cümlədən korrupsiyaya qarşı mübarizə və əhalinin kvalifikasiyasının artırılması hesabına məhsuldarlığın artmasının sürətləndirilməsini təmin edəcək.
Hesabatda, həmçinin bütün Latın Amerikası ölkələrindəki iqtisadi cəhətdən fəal əhalinin kvalifikasiyasının kifayət qədər olmamasına toxunulub. Hökumətlər daha yaxşı iş imkanlarından istifadə etmək üçün öz əhalisinin kvalifikasiyasını artıran təlim və təhsil proqramlarına sərmayə qoymalıdırlar.
Regionun altı ölkəsində, eləcə də ABŞ-da təhsilin keyfiyyəti coğrafiyadan, etnik qruplardan və gəlirlərin səviyyəsindən asılı olaraq çox fərqlənir. OECD-in mütəxəssislərinin fikrincə, pandemiya sosial, etnik və irqi qruplar arasında mövcud bərabərsizliyi daha da artırmaq riskini daşıyır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid